Sentyabr ayının 12-dən Amerika pasportundan imtina etmək üçün nəzərdə tutulan məbləğ 5 dəfə artıb.
Amerika vətəndaşı olmaq istəyənlərin sayı çox olsa da, vətəndaşlıqdan çıxmaq istəyənlərin də sayı az deyil. Payız isə ikinci şəxslərə bəd xəbər gətirib. Beləliklə Amerika vətəndaşlığından imtina etmək onlara 450 deyil, 2350 dollara başa gələcək.
FaktXəbər-in məlumatına görə, ABŞ Dövlət Departamenti qiymətlərin artımını "satqın”ların çoxalması və vətəndaşlıqdan imtina prosedurunun baha olması ilə əlaqələndirir. Prosedur onu tələb edir ki, vətəndaşlıqdan çıxmaq istəyən kəslə ən azı iki dəfə söhbət edilməlidir.
Görünən odur ki, Dövlət Departamentin əməkdaşları Amerika pasportundan imtina edənlərin ağlı başında olduğuna inana bilmir. Amerikalı olduğuna peşman olanların sayı o qədər çoxdur ki, departament işçiləri ilə söhbət etmək üçün tərəf 6 aya kimi gözləməli olur.
Keçən il Amerika vətəndaşlığından imtina edənlərin sayı 3 minə yaxın olub. Lakin bu rekord yenilənir. ABŞ Maliyə Nazirliyinin verdiyi məlumata görə, artıq cari ilin ilk 3 ayında Amerika pasportundan rekord sayda -1001 nəfər imtina edib.
Əgər XXI əsrin ilk on illiyində ABŞ vətəndaşlığından imtina edənlərin sayı 5 min idisə, son 3.5 ildə onların sayı 8 minə çatıb.
İmtina edənlərin çoxu isə xarici ölkələrdə yaşayanlardır. Amerika vətəndaşlığından çıxanların əksəriyyəti Kanada, Böyük Britaniya və İsveçrədə yaşayırlar. İmtinanın səbəbi ABŞ-ın kənarda işləyən vətəndaşlarına qoyduğu ağır vergilərdir. Belə ki, digər inkişaf etmiş ölkələrdən fərqli olaraq ABŞ xaricdə yaşayan vətəndaşlara müxtəlif vergilər qoyur. Vergidən yayınanlar isə cinayət məsuliyyətinə cəlb olunur.
Son 4 ildə "qanun pozucuları” dövlət büdcəsinə 6 milyard dollar pul ödəyib. Onlara qarşı 100-ə yaxın cinayət işi açılıb.
Cari ilin iyulun 1-dən "xarici hesablardan vergi haqda” (FATCA) yeni qanun qüvvəyə minib. Bu qanun xarici maliyyə şirkətlərinin boynuna vəzifə qoyub ki, ABŞ vətəndaşları sayılan müştərilərin gəlirləri haqda onlara məlumat versin. Bu qanundan sonra cərimələnən şəxslər xeyli artacaq. Və bu həm də o deməkdir ki, Amerika pasportundan imtina edənlərin sayı da çoxalacaq.
.