"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır".
Bu sözləri "Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
"İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, - deyə o söyləyib.
"Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək".
Bu sözləri də ATƏT Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.
"Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq mən inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir”.
Diplomatın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqliliklər və dünyada baş verən hadisələrə fərqli yanaşmaların mövcud olmasına baxmayaraq, hər iki ölkə Dağlıq Qarabağ kimi məsələlərdə birlikdə çalışıb, problemi birlikdə həll edə bilər.(apa)
