Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşüb.
Yenizaman.az-ın salamnews-a istinadən məlumatına görə, görüş S.Cəlaloğlunun təşəbbüsü ilə Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutub. S.Cəlaloğlu Akademiyanın prezidentinə öz elmi araşdırmaları haqqında məlumat verib və təklif etdiyi "mütləq nisbilik nəzəriyyəsi” adlı yeni ideyanın şərhinə dair kitabının əlyazmasını təqdim edib.
Akademik A.Əlizadə görüşdə səslənən fikirləri maraqla qarşılayıb və təqdim olunan əsərin Akademiyanın müvafiq strukturunda müzakirə olunacağını bildirib. Görüş zamanı S.Cəlaloğlu indiyədək dərc olunmuş bir neçə kitabını da Akademiyanın prezidentinə hədiyyə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl S.Cəlaloğlu mətbuata "Eynşteynin nisbilik nəzəriyyəsinin yanlış olduğunu aşkarlamışam" deyə açıqlama vermişdi. Yeri gəlmişkən, onun həmin açıqlaması heç də birmənalı qarşılanmamışdı.
.
