"Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, gənc alimləri stimullaşdırmaq vacibdir: "Elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir. Düzdür, Azərbaycanda qrant yolu ilə maliyyələşmə bir neçə ildir, tətbiq olunur. Lakin müasir tələblərə uyğun olaraq bu sistem təkmilləşdirilməli və gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir".
AMEA prezidenti qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Həyatını yeni quran gənclik üçün bu, xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək".

"Bəzən Elmlər Akademiyasını günahlandırırlar ki, orada işləyənlər yaşlı nəslin nümayəndələridir. Məsələ yaşlı olmaqda deyil, intellektual nailiyyətdədir".

Bu sözləri də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.
Yaşlı alimlərin uğurlu fəaliyyətlərinə dair nümunələrdən söz açan A. Əlizadə deyib ki, heykəltəraş Ömər Eldarovun yaxın vaxtlarda 90 yaşı tamam olacaq: "Onun əsərlərinin sorağı ölkəmizdən çox uzaqlardan gəlir. Biz nəsillər arasında varisliyə nail olmaqdan danışarkən yaşlı nəsillərin təcrübəsinin gənc alimlərə ötürülməsini nəzərdə tuturuq. İnanırıq ki, ali məktəblər AMEA-nın potensialından istifadə edərək gənc alimlərin yetişdirilməsinə nail olmalıdırlar".
AMEA prezidenti qeyd edib ki, hazırda dünyada diqqəti cəlb edən amillərdən biri texnologiyaların sürətlə intellektuallaşmasıdır: "Biz bu prosesdə ən modern nailiyyətləri izləməli, bu sahədə müəllifliyə də nail olmalıyıq. Gənclər bu sahədə ixtiraların müəllifi olmalıdırlar. AMEA-nın magistraturasının yüksək səviyyəli proqramçılar yetişdirməsinə də ehtiyac var. İnnovativ dəyər yaradan yeni gənclik yetişməlidir. AMEA-nın Yüksək Texnologiyalar Parkı yaradılıb və burada bir çox layihələr həyata keçirilir. Həmin parkda gənc rezidentlər də var. Müdafiə Nazirliyi tərəfindən gənc alimlərin sınaqları yüksək dəyərləndirilib ".



.