Rəyasət Heyətinin iclasında akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə, həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq olunublar.

Bu barədə AMEA Rəyasət Heyətinin oktyabrın 1-də keçirilmiş iclasında qərar qəbul edilib.

AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda və AMEA-nın Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamaların nəticələri haqqında arayışları təqdim edib.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib.
 

.