Almaniyaya mövsümi iş üçün gələn hər 10 Gürcüstan vətəndaşından azı 5-i vətəninə geri qayıtmayıb.

Bu barədə “Report”un Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) məlumat verilib.

Bildirilib ki, həmin Gürcüstan vətəndaşları sonradan qaçqın statusu almaq üçün BAMF-nin yerli şöbələrinə müraciət ediblər: "Bu ilin yanvar-oktyabr ayılarında federal idarəyə 6 908 Gürcüstan vətəndaşının sığınacaq üçün müraciəti daxil olub. Təkcə oktyabr ayında bu ölkə vətəndaşlarının qaçqın statusu üçün etdikləri müraciətlərin sayı 839 olub. Yanvar-oktyabr ayları arasında sığınacaq istəyi rədd edilən 746 Gürcüstan vətəndaşı yenidən federal idəyə müraciət edib".

Qeyd edək ki, Gürcüstan vətəndaşlarının Almaniyanın kənd təsərrüfatı sahəsində qanuni şəkildə işləməsinə 2021-ci ilin mart ayında icazə verilib. Dövlət proqramına əsasən, Almaniyaya işləməyə gələn Gürcüstan vətəndaşları 18-60 yaşları arasında olmalıdır. Bundan əlavə, gəlməzdən üç ay əvvəl Almaniyada olmamalı, sağlam və məhsul yığımında təcrübəyə malik olmalıdırlar. Eləcə də işçilərin alman və ya ingilis dilini cüzi olaraq bilməsi tələb edilir. Eyni zamanda mövsümi iş üçün Almaniyaya gələn Gürcüstan vətəndaşlarının bu ölkədə yalnız üç ay qalmasına icazə verilir.

.