Münaqişənin nizamlanmasında ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli və öz müqəddəratını təyinetmə prinsiplərinə etibarımızı tamamilə saxlayırıq”

"Almaniya 1994-cü il atəşkəs razılaşmasının son vaxtlar ardıcıl olaraq pozulmasından dərin narahatdır”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməkdaşlığını növbəti il ATƏT-ə sədrliyi zamanı da davam etdirəcək. ATƏT-in Minsk Qrupunun üzvü kimi, Almaniya həmsədrlərin davamlı vasitəçilik səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli və öz müqəddəratını təyinetmə prinsiplərinə etibarımızı tamamilə saxlayırıq”, – deyə açıqlamada qeyd olunur.
Almaniya XİN bəyan edib ki, Berlin hazırda münaqişə tərəflərinin də dəstəklədiyi Minsk formatına alternativ görmür: "Eyni zamanda, Minsk Qrupunun səylərinə dəstək vermək üçün biz Avropa İttifaqının da daha səmərəli şəkildə prosesə cəlb olunmasını istəyirik. Məsələn, Avropa İttifaqı etimad yaradacaq tədbirlər vasitəsilə nizamlanma prosesində iştirak edə bilər”.
Son zamanlar cəbhədəki gərginliyin artmasından narahatlıq ifadə edən Almaniya XİN əlavə edib: "Biz davamlı dialoqlar zamanı tərəfləri çağırırıq ki, monitorinq mexanizminin pozuntuları daha yaxşı araşdıracağı və qarşısını alacağı ilə razılaşsınlar. Minsk prosesinin irəliləməsi üçün əsas şərtlərdən biri də atəşkəs sazişinə hörmət etmək və dəstəkləməkdir”.
.