
Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyaya verdiyi notaya cavab verib.
Bu barədə məlumat verən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, notaya cavab olaraq Almaniya XİN, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinin dəyişmədiyini və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyi qeyd olunub.
AFR XİN onu da bəyan edib ki, Almaniya XİN-i Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya Bundestaqı cavab məktubunda onu da əlavə edib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib.
Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan etmişlər.
Fransadakı Səfirliyimiz tərəfindən də Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər” siyahısına daxil edilirlər.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir.
Özlərini millət vəkili adlandıran bu kimi şəxslər eləcə də belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk etməli və onlara hörmət yanaşmalıdırlar.
.