"Gürcüstanın patriarxı II İliya Qarabağın azad olunmasını istər ölkə daxilində, istərsə də ölkə xaricində dəstəkləyib, ona görə də Azərbaycan dövləti və rəhbərliyi hər zaman ona çox böyük önəm verir".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstana səfərinin yekunları ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

"Patriarx II İliyanı hər zaman Qafqazın ağsaqqalı kimi tanımışam. O, dostluğa, qardaşlığa sadiq olan insandır. O, həmişə mənim yanımda olub, dəstək verib. Xüsusən Qarabağın, Azərbaycan torpaqlarının azad olunması ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində bizi dəstəkləyib, Azərbaycanı dəstəkləyib, ona görə də Azərbaycan dövləti və rəhbərliyi ona çox böyük önəm verir”, - QMİ sədri bildirib.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, II İliya ilə onun dostluğu iki xalq arasında həmrəyliyə xidmət edir. Əlavə edib ki, patriarx hər zaman Gürcüstanda yaşayan müsəlmanlarla bağlı xahişlərin yerinə yetirilməsinə öz dəstəyini verib: "Azərbaycan və Gürcüstan arasında dini-mədəni əlaqələr inkişaf edir. Gürcüstan ən ağır günlərdə də Azərbaycanın yanında olub. Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə öz səmasından ermənilərin silah daşımasına imkan vermədi və bununla minlərlə insanın həyatı xilas edildi".

Hacı Allahşükür Paşazadə Gürcüstan və Azərbaycanın Ermənistandan fərqli olaraq suveren dövlətlər olduğunu və öz qərarlarını müstəqil şəkildə qəbul etdiyini qeyd edib: "Qafqaz öz məsələlərini həll etmək istəyir. Mən Ermənistana müstəqil dövlət deməzdim, müstəqilliyi yoxdur. Azərbaycan və Gürcüstan isə öz müqəddəratını özü həll etmək istəyir. Bu gün bu iki Qafqaz dövlətinin rəhbərləri özləri öz qərarlarını verirlər".

Hacı Allahşükür Paşazadə azad olunmuş ərazilərin mina xəritələrinin Ermənistandan alınmasında Gürcüstanın göstərdiyi yardımın qardaşlıq nümunəsi olduğunu vurğulayıb: "Gürcüstan ərazisindən keçən neft-qaz boruları bizim və Gürcüstan xalqı üçün çox önəmlidir. Bu iki dövlət arasında gələcəyə inamı göstərir. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü, haqq işini dəstəkləyib və dəstəkləyir. Prezident İlham Əliyev və Mehriban xanımın patriarx həzrətləri ilə dostluq əlaqələri var. Patriarx (səhhəti yaxşı olanda) əvvəllər hər zaman telefonla yığmağımı xahiş edərdi və Mehriban xanım harada olmasından asılı olmayaraq onunla telefonla danışardı".

QMİ sədri Gürcüstandakı hər bir müsəlmanı öz nümayəndəm bildiyini qeyd edib: "Əlbəttə gələcəyə dair bəzi proqramlar var. Bu proqramlarla burada yaşayan müsəlmanlara kömək nəzərdə tutulub".

.