“Nizami Gəncəvinin İran şairi olması kimi iddia İranın anti-Azərbaycan siyasətinin bir parçasıdır”.

Bunu APA-ya açıqlamasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Əzizağa Nəcəfzadə deyib.

Əzizağa Nəcəfzadə Nizami Gəncəvinin yaradıcı düşüncəsində Azərbaycan motivlərini xüsusilə vurğulayıb: “Nizami Gəncəvinin yaradıcı düşüncəsində Azərbaycan mətbəxi, məişəti, geyim tərzi, tərbiyə üsulu öz əksini tapır. Nizamin yaşadığı, təhsil aldığı və vəfat etdiyi yer Azərbaycan şəhəri olan Gəncədir. Onun yaradıcılığında Gəncənin əsas simvolu olan Kəpəz dağını görürük, Kür çayını görürük. Onun qəhrəmanları, adətən, Azərbaycan ərazilərinə səfər edir, hadisələr daha çox Azərbaycanda cərəyan edir. Bütün bunlar Nizaminin böyük Azərbaycan şairi olmasını sübut edir. Hətta Nizami özü də deyir ki, mənim əsərlərimi Azərbaycandan kənara aparsalar belə, o əsərlər bəyan edəcək, mən Gəncədənəm. Nizaminin dəfn olunduğu ərazidə aparılan tarixi qazıntılar onun türk üsulu ilə dəfn olunmasını sübut edir. Türk üsulu ilə dəfn deyəndə biz katakomba tipli qəbirləri nəzərdə tuturuq. Hansı ki üzərində kurqan təpə olur və sonradan məqbərə ucaldılır. Nizami əsərlərini həsr etdiyi, vəsf etdiyi hökmdarlar da türk hökmdarlar olub. O, türklərin idarəetmə sistemini ən ədalətli idarəetmə sistemi olaraq qiymətləndirib”.

Dosent İranın Nizami Gəncəvi üzərindən manipulyasiya cəhdlərinin əsassız olduğunu qeyd edib: “İranın Nizami Gəncəvinin İran şairi olmasını iddia etməsi məsələsinə gəldikdə isə, bu məsələ zaman-zaman gündəmə gəlib, amma qəti şəkildə əsası olmayıb. Bütün bunlar uğursuz cəhdlərdir və biz öz əsərlərimizlə, məqalələrimizlə sözügedən uğursuz iddiaya tutarlı cavablar veririk. İranın ümumilikdə anti-Azərbaycan siyasəti də aşkardır. Düzdür, bu məsələyə siyasətçilərin şərh verməsi daha doğru olar, amma, istənilən halda, bu və bunun kimi faktlar da anti-Azərbaycan siyasətinin bir parçasıdır. O ki qaldı Nizami Gəncəvinin yaradıcılığında İran hökmdarlarının ədaləti məsələsinə, Nizami tolerant şair olub. Burada qəribə nəsə yoxdur. Nizaminin yaradıcılığında təkcə İran deyil, yunan hökmdarı belə ədalətli formada təsvir olunub. Onda yunanlar iddia etsin ki, Nizami yunan şairidir? Əlbəttə ki, yox”.

Nizamişünas alim Prezident İlham Əliyevin Nizami Gəncəvi ilə bağlı, onun Azərbaycan şairi olması ilə bağlı fikirlərinə də diqqət çəkib: “Nizami Gəncəvi Azərbaycan renessansının elə bir qüdrətli nümayəndəsidir ki, hətta XII əsrdə belə onun əsərlərində humanistlik və demokratiya çalarları olub. Cənab Prezident İlham Əliyev çıxışında “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür” fikrini ifadə elədi. Bu fikir Nizami Gəncəvini, onun yaradıcılığını olduqca yüksək formada izah edir. Prezidentin də vurğuladığı kimi, Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub. Bütün bu faktlar Nizami Gəncəvinin kimliyi haqqında bütün suallara cavab verə bilir”.

.