Axşama az qalmışdı. Köhnə dostlarımdan biri ilə 1-2 saatlıq gəzintidən sonra evə dönürdük. Bir az yorğun, bir az da kefsiz idik. Birdən dostum dedi ki, gəl gedək qarşıdakı tikinti obyektinə. Soruşmadım niyə. Getdik. Dostum məsul şəxsə yaxınlaşıb iş istədi. Yekəqarın, şələbığ şəxs dostuma belə işlər bacara bilməzsən dedi. Dostum çox dedi, o az eşitdi. Dözə bilməyib söhbətə qarışdım. Bildirdim ki, ay dayı dostum belə işlərlə çox məşğul olub. Həm də ali təhsillidir. Dayı güldü. Mən söhbətə davam etdim. Bəyəm bu dövlət işidir? Sorğu-sual, nə bilim nələrə ehtiyac olsun? Adi usta işləyəcək də. Yekəqarın dayı üzünü bir az turşudub, sərt şəkildə bağırdı. Bu obyekdə axtar gör ali təhsili olmayan fəhlə var? Hər kəs ali təhsillidir də. Nə tutmusuz ali təhsil...ali təhsil.
Düzü deməyə sözüm çox olsa da səsimi kəsdim. Dayı dostumla danışmağa davam edirdi. Mən üzümü fəhlələrə tərəf tutdum. Biri palçıq qarışdırır, biri armatur dartır, biri daş daşıyır, hər kəs işləyirdi. Üzlərində isə bir nifrət var idi. Yaxınlaşıb birinə salam verdim. Heç salamımı almasaydı ondan yaxşı idi. Sanki, həyata küsmüşdü. Gözlərində min bir əzab, nifrət, yorğunluq var idi. Bir-iki kəlməsindən ali təhsilli olduğunu başa düşdüm. Elə bu zaman dostum çağırdı ki, gəl gedək.
Öz dərdim yadımdan çıxmışdı. Dostumun kirayə yaşadığı evə çatanda sağollaşıb ayrıldıq. Mənim yolum hələ var idi. Evə gəlincə düşündüm. Düşüncələrimin də faydalı iş əmsalı sıfır idi. Axı mən nə edə bilərəm? Təbii ki, heç nə.
Əslində bu olanları yaxşı, ya da pis olduğunu heç özüm də dəqiq bilmirəm. Bir düşünürəm ki, fəhlələrimizin də ali təhsilli olmasının nəyi pisdir ki? Biri var binanı ali təhsili olmayan həflə tikə, biri də var ki, universiteti fərqlənmə ilə bitirən fəhlə. Məncə ikinci halda bina daha yaxşı tikilər. Digər tərəfdən də düşünürəm ki, 4-5 il əzab-əziyyət çəkib universitet oxuyub fəhlə işləyəcəksənsə heç oxuma. Amma bu da var ki, ali təhsili olan fəhlələrə üstünlük verilir. Bəlkə də, bir neçə il sonra elmi dərəcəsi olmayan insanları fəhlə də götürməyəcəklər.
Elşad Barat
.
