Xüsusi Dövlət Mühafizə Xidmətinin "Betta” dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib. Lakin Ali Məhkəmə işə baxılmasını yubadır.
Bu barədə 30gun.az-a Asif Lətifovun anası Gülnaz Lətifova bildirib. Onun sözlərinə görə, Asif Lətifovun işi ilə bağlı kassasiya şikayəti sentyabrın 29-da Ali Məhkəməyə təqdim edilib: "Şikayəti Asifin vəkili Elçin Sadıqov təqdim edib. Iş Ali Məhkəmənin hakimi Inqilab Nəsirovun icraatındadır. Lakin hansısa səbəbdən şikayətə baxılması yubadılır. Ali Məhkəmənin ədalətli qərar çıxaracağına ümidimiz azdır. Lakin biz Ali Məhkəməni də keçməliyik ki, Avropa Məhkəməsinə müraciət edək. Bəlkə də məqsəd bunun qarşısını almaqdır. Çünki Asifin heç bir günahı olmaya-olmaya ona 5 il yarım iş veriblər. Ittihamlar qondarma, gülüncdür. Hər kəs bilir ki, Asif Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri general Vaqif Axundovun sifarişi ilə şərlənərək həbs olunub”.
Asif Lətifov 17 il "Betta” dəstəsində xidmət edib. Dəfələrlə mükafatlandırılıb. Lakin 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsilə işdən azad edilib. Asif Lətifov işə bərpa tələbilə məhkəməyə müraciət edib. Eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqları ictimailəşdirib. Bundan sonra Asif Lətifov barədə cinayət işi başlanıb. Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə ittiham irəli sürülüb. Bu il yanvarın 29-da Hərbi Məhkəmə Asif Lətifov 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.
Asif Lətifovun həbsilə bağlı Freedom House, Amnesty International, Human Right Watch və digər nüfuzlu beynəlxalq təşkilatlar məlumatlandırılıb. O, vicdan məhbusu kimi tanınıb.
.