Ali Məhkəmə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) həbsdə olan zabiti Asif Lətifovun kassasiya şikayətinə baxacaq. Bu barədə yenizaman.az-a Asif Lətifovun yaxınları məlumat verib. Onların sözlərinə görə, proses fevralın 27-də hakim İqilab Nəsirovun sədrliyi ilə keçiriləcək.
Məlumat üçün deyək ki, Asif Lətifov 17 il XDMX-nin "Betta” dəstəsində xidmət edib. Baş leytenant olan Asif Lətifov bu müddətdə dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. O, 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi ilə işdən çıxarılıb. Asif Lətifov işdən çıxarılmasının səbəbləri barədə keçirdiyi mətbuat konfranslarında bəyan edib ki, o, XDMX-nin rəhbəri general Vaqif Axundov qanunsuz əməllərinə etiraz etdiyinə görə hədəfə gəlib. Baş leytenant bildirib ki, çalışdığı qurumda hər ay işçilərdən qanunsuz olaraq pul yığılıb. Lakin o, bu pulu verməkdən imtina edib. Bundan sonra rəhbərlik onu qanunsuz olaraq işdən çıxarıb.
Asif Lətifovun bu açıqlamalarından sonra əvvəlcə Baş Prokurorluq Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. Bu il yanvarın 29-da hərbi tribunal A.Lətivoun 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.
Asif Lətifovun həbsilə bağlı Freedom House, Amnesty International, Human Right Watch və BMT-yə məlumat verilib.
Həmin təşkilatlar bu məsələni diqqətdə saxlayır və Asif Lətifovun hüquqları uğrunda mübarizəyə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədirlər. Bundan əlavə Beynəlxalq Hüquq Araşdırmaları Təşkilatı da Asif Lətifovu vicdan məhbusu elan edib.
.