Azərbaycan və Serbiya sadiq tərəfdaşdırlar.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı deyib.

Vuçiç: Bizim üçün Prezident İlham Əliyevin sözü yetərlidir, biz onun sözünə inanırıq

Azərbaycan və Prezident İlham Əliyev nəinki bizim üçün, ümumilikdə hamı üçün tamamilə sadiq tərəfdaşlardır.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“Müvafiq şəffaf protokollar bir yana, amma əsas bizim üçün İlham Əliyevin sözü yetərlidir. Çünki biz onun sözünə inanırıq. Onun sözü elə onun imzasına bərabərdir. Bizim üçün bu, həqiqətən də, vacib məsələdir”, - Vuçiç vurğulayıb.

Serbiya lideri Azərbaycan Prezidenti ilə zəruri məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb: “Gübrə çatışmazlığı məsələləri, həmçinin neft-kimya qurğularının tikintisi və təmiri, hərbi-texniki məsələlər, beynəlxalq səhnədə beynəlxalq məsələlər, eyni zamanda, kənd təsərrüfatı məsələlərini də müzakirə etdik. Əmək və sosial təminat məsələsində isə, iki ölkənin müvafiq nazirliyi arasında saziş imzalanıb və biz bununla bağlı müzakirələrimizi davam etdirəcəyik”.

Serbiya lideri: Prezident İlham Əliyev öz ölkəsinin maraq və mənafeyini həmişə qoruyub saxlayır

Prezident İlham Əliyev hazırda Avropada ən nüfuzlu insanlardan biridir. Bütün Avropada İlham Əliyev sevilir və o, çox ağıllı insandır.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“O elə bir insandır ki, öz ölkəsinin ehtiramını, maraq və mənafeyini həmişə qoruyub saxlayır”, - Vuçiç qeyd edib.

Aleksandar Vuçiç: Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik

Biz bu gün Prezident İlham Əliyevlə görüşmüşük. Bu səhər bizim möhtəşəm müzakirələrimiz oldu. Amma müvafiq vəziyyətə görə o, bizim ölkədə daha uzun müddət qala bilməyəcək. Ümid edirəm ki, qısa müddət ərzində onu yenə də Serbiyada qəbul etmək imkanımız olacaq.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”, - deyə Serbiya Prezidenti vurğulayıb.

.