Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə "Real" MTK-nın hazırda həbsdə olan rəhbəri və iş üzrə zərərçəkmiş qismində İlham Qasımov məhkəmə zalına gətirilib.
A.Çovdarovun vəkili Şahin Rəfiyev jurnalistlərə açıqlamasında bildirib ki, İ.Qasımov ifadə verməkdən imtina edib: "O, səhhətində problem olduğunu dedi və buna görə də ifadə vermək istəmdi. İlham Qasımov növbəti məhkəmə iclasında ifadə verəcəyini bildirdi".
Ş.Rəfiyevin sözlərinə görə, daha sonra İ.Qasımovun qardaşı zərərçəkmiş İslam Qasımov dindirilib. O, ifadəsi zamanı A.Çovdarova pul vermədiyini söyləyib: "İslam Qasımov təqsirləndirilən şəxsləri tanımadığını bildirdi. O, pulu başqa MTN əməkdaşlarına verdiyini qeyd etdi. Bildirib ki, bir neçə saat MTN-in inzibati binasında saxlanıldıqdan sonra onu buraxıblar".
İclasda zərərçəkmiş qismində Tahir Mirzəyev ifadə verib. O, MTN-in inzibati binasına aparılıb, gecə saat 22:00 radələrinə qədər orada saxlanıldığını, daha sonra sərbəst buraxıldığını deyib. T.Mirzəyev nazirlikdə hər hansı təzyiqlərə məruz qalmadığını da bildirib.
Vəkil Ş.Rəfiyev qeyd edib ki, "Yeni Yasamal" MTK epizodu üzrə Kazım Bağırov, "Texmarin" LTD epizodu üzrə isə Asif Bədəlov şahid qismində dindirilib.
Məhkəmənin növbəti prosesi aprelin 5-nə təyin edilib.
.