Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesin təxirə salınmasına səbəb martın 10-da Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə kollegiyasının müşavirəyə yollanması olub.
A.Çovdarov və digərlərinin cinayət işi üzrə məhkəməyə sədrlik edən Həbib Həsənov da həmin kollegiyada çıxış edir. Buna görə də proses qeyri-müəyyən günədək təxirə salınıb.
Prosesin nə vaxt keçiriləcəyi qısa müddətdə açıqlanacaq.
