Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən A. Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, şahid qismində iş üzrə zərərçəkmiş Nəsib Əliyevin bacanağı Elçin Xudiyev dindirilib. O bildirib ki, Nəsib Əliyevə yüz min manat borc verib. Həmin pulun 50 min manatını Nəsib Əliyevin oğlu Elton Əliyev MTN-də saxlanmazdan əvvəl verib və bu məsələyə aidiyyəti yoxdur.
Nəsib Əliyevin ifadəsində oğlu saxlanılanın ertəsi günü pulu MTN-də verdiyini deyib. E. Xudiyev isə məhkəmədəki ifadəsində 50 min manatı Nəsib Əliyevə Elton Əliyev saxlanılandan bir neçə gün sonra verdiyini bildirib.
Sadiq Rəsulovun sözlərinə görə, E. Xudiyev istintaq zamanı ifadəsində deyib ki, Nəsib Əliyev ona pulu Akif Çovdarova verəcəyini deyib. Məhkəmədə sualları cavablandıran E. Xudiyev isə Nəsib Əliyevin pulu kimə verməsindən xəbərsiz olduğunu, Akif Çovdarovu tanımadığını deyib. O, istintaq zamanı ifadəsini oxumadan imzaladığını deyib.
Jurnalistlərə açıqlama verən zərərçəkmiş şəxs Nadir Feyziyev isə deyib ki, o, məhkəmədə sualları cavablandırıb: "Mən 350 min manat pulu Cahangir Alışovdan alıb Milli Təhlükəsizlik Nazirliyində Alı Nəbiyevə verdiyimi təsdiqlədim".
Digər zərərçəkmiş Cahangir Alışov isə jurnalistlərə deyib ki, iclasda Akif Çovdarov zərərçəkmiş şəxsləri dələduz adlandırıb: "Biz də dedik ki, kimin dələduz olduğu bəllidir. Məndən Masazırdakı balıqçılıq təsərrüfatına xərclədiyim pullarla bağlı sənədlər istədilər. Mən də həmin sənədləri təqdim etdim".
