Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən bugünkü iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Prosesdə Akif Çovdarov bəzi epizodlar üzrə ifadə verib.

O, bildirib ki, Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov ona zəng edib: "Zaur mənə dedi ki, stansiyada olan obyektləri bağlayıb, buna görə də orda çalışan şəxslər mitinq edir. Ona dedim ki, bu bizim işimiz deyil, polisə deyin. Zaur Hüseynov mənə dedi ki, polis aksiyaçılarla bacarmır. Məsələ ilə bağlı rəhbərliyə məruzə etdim. Göstəriş verildi ki, araşdırılsın”.

Çovdarov qeyd edib ki, məsələni araşdıran zaman onlara məlum olub ki, stansiya çıxışlarında 1200 obyekt olub: "Həmin obyektlər 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Orada aylıq kirayə pulu 200 dollardan 3 min dollara kimi idi. Tağı Əhmədovun pulyığanları 3 aylıq icarə pulunu əvvəldən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb edirdilər. Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidir ki, 1200 köçkün icarəsi ildə 120 min edirsə, belə çıxır ki, hər birinin aylıq icarə pulu 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Bizə tapşırıq gəldi ki, metropolitenin fəaliyyəti yoxlanılsın. Detallı araşdırma zamanı bəlli oldu ki, aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçmir və onun pulu Tağı Əhmədovun cibinə gedir. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib”.

General onu da bildirib ki, agentura xətləri vasitəsi ilə 11 milyon manatın dövlət büdcəsindən oğurladığını aşkarlayıblar: "Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, xəttə buraxıblar. Bu yolla 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. "Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. Məlum oldu ki, Tağı Əhmədovun "Sahil” metrosunun üstündəki binada 4 mənzili, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzili, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükanı, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi var. Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

"TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə "Bank of Baku” və "Unibank”dakı hesablarında idi. "Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb, ofşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

Çovdarov bildirib ki, bu məlumatları rəhbərliyə təqdim ediblər: "Bizə dedilər ki, bu məlumatları özünüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, "bu bombadı, partlaya bilər, qoy özündə qalsın”.

Məhkəmədə dövlət ittihamçısı Akif Çovdarovun ifadəsinə replika ilə cavab verib. O, bildirib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb.

A.Çovdarov prokurora belə cavab verib: "Sən soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam”.

Prokuror isə heç nə soruşmayıb.

Həbsdəki general deyib ki, Tağı Əhmədovun ona pul verməsi barədə dedikləri yalandır: "Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən Rəsula dedim ki, get Tağıya de, lazımdısa, nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiniz. Ancaq sonradan müəyyən səbəblərə görə bu məsələnin üstünə getmədik”.

Çovdarov qeyd edib ki, Tağı Əhmədov metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirdirmiş və bu prosesi izləyiblər: "Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın. Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub, mənim əleyhimə yalan ifadə verdi”.

 Proses iyulun 17-də davam edəcək.
.