Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş layihənin təqdimat mərasimi keçirilib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev layihə barədə qonaqlara ətraflı məlumat verib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn bu layihəyəni “Nizami ili”nə teatrın bir töhfəsi olduğunu bildirib. 
Layihənin ideya müəllifi və bədii rəhbəri olaraq Ə.Lalayev qonaqları dahi şairin həyat və yaradıcılığının əks olunduğu balet kompozisiyasının video-çarxına baxmağa dəvət edib. 
Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Nizami ilinə həsr olunan bu balet-kompozisiyasını yüksək dəyərləndirıb. O, əsrlər ötüb keçməsinə baxmayaraq, öz aktuallığını daim qoruyan dahi mütəfəkkirin parlaq irsinin təbliğatı istiqamətində belə layihələrin əhəmiyyətindən və gələcəkdə beynəlxalq səviyyədə keçiriləcək tədbirlərdə onların  təqdimatının təşkil olunmasının vacibliyindən danışıb. E.Əliyev “Nizami İli”nə layiqli töhfə üçün teatr kollektivini təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.  
Xalq artistləri Cəmilə Bayramova, Sərxan Sərxan SSRİ Xalq artisi Müslüm Maqomayevin ifasında Üzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında teatrın aktyorları və balet truppasının üzvlərinin də iştirakı ilə qurulan bu kompozisiyanın uğurlu alındığını diqqətə çatdırıblar.
Xatırladaq ki, video-çarx formatında hazırlanan layihənin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları  Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur. 
Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev eyni zamanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb.

.