Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 114-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.
Tədbiri sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq yeni mövsum münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Teatr rəhbəri ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümdə təqdimatı nəzərdə tutulan layihələrdən də danışıb: “Musiqili Teatrın 113-cü mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib”.
Ötən ay Laçında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində nümayiş olunan “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşasının yaradıcı heyətinə xüsusi təşəkkürlərini bildirən teatr rəhbərliyi ilboyu belə qastrol səfərlərinin olacağını da kollektivin diqqətinə çatdırıb.
Görüşdə həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” musiqili-tarixi essesinin ötən mövsümdə uğurlu təqdimatından söhbət açılıb və yeni mövsümün açılışının da bu layihə ilə olacağı vurğulanıb. Respublikamızın müxtəlif bölgələrində – Gəncə və Şəkidə rəğbətlə qarşılanan bu tamaşanın Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də nümayişinin nəzərdə tutulduğu qeyd olunub.
Tədbirdə teatrın dörd aylıq repertuar planı təsdiqlənib, bu mövsümdə premyeraları nəzərdə tutulan tamaşalar, gələcək layihələr barədə bir sıra fikirlər səsləndirilib və müzakirələr aparılıb.
.