Avropa İnsan Hüquqları Məhkəməsi "Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov, Naxçıvandan olan biznesmen Məhəmməd Qurbanov və onun qohumu Nadir Məmmədovun şikayətləri üzrə Azərbaycan hökumətilə kommunikasiyaya başlayıb.
Vəkil Xalid Bağırov Turan-a bildirib ki, hər iki iş üzrə 3-cü (işgəncələrə qadağa) və 5-ci (azadlıq hüququ) maddələrlə zəmanət verilmiş hüquqların pozulmasının tanınması məsələsi qaldırılıb.
Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu narkotik maddə alveri, dövlətə xəyanət və millətlərarası ədavətin qızışdırılmasına görə 5 il müddətinə azadlıqdan məhrum edib.
"Amnesty İnternational” H.Məmmədovu "vicdan məhbusu” kimi tanıyıb.
Naxçıvanlı biznesmen Məhəmməd Qurbanov və onun qohumu Nadir Məmmədov öz yüklərini götürmək üçün gələrkən Sədərək gömrüyündə saxlanılıblar. Onlar rüşvət verməkdən imtina etdiklərinə görə gömrükçülər tərəfindən döyülüblər. Sahibkarlar 4 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Naxçıvan Ali Məhkəməsi apellyasiyanı qismən təmin edərək həbs müddətini şərti olaraq 2 və 3 il müddəti ilə əvəzləyib.
.