Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz regionunda post-müharibə dövrünün yaratdığı mühitdə regionun iqtisadi potensialını reallaşdırmaq üçün regional əməkdaşlıq yanaşmasının inkişafına kömək etmək məqsədi ilə region ölkələrinə "Cənubi Qafqaz Qapıları" ("South Caucasus Gateways") adlı layihə çərçivəsində texniki yardım təklif edib.

AİB verdiyi məlumata görə, 500 min ABŞ dolları məbləğində göstərilən texniki yardımın kənd təsərrüfatı, sənaye və ticarət və nəqliyyat sahələrini əhatə edəcəyi gözlənilir.

Layihə çərçivəsində işləniləcək "Cənubi Qafqaz Regional Əməkdaşlıq Yanaşması" siyasi qeyri-müəyyənliklər fonunda bölgə daxilində və xaricində iqtisadi əməkdaşlığın faydalarını qiymətləndirəcək. Bu yanaşma beynəlxalq və daxili imkanları müəyyənləşdirmək və optimallaşdırmaq üçün variantlar təqdim edəcək.

"Qapalı sərhəd keçid məntəqələri səbəbindən bloklanmış tarixi nəqliyyat yolları ticarət üçün yüksək xərclərlə nəticələnir və bölgənin ixracatının rəqabət qabiliyyətliyini azaldır. Yeni keçidlər isə bölgə üçün xeyli iqtisadi fayda verə bilər", - AİB-in məlumatında deyilir.

Qeyd edək ki, AİB iyul ayının əvvəlində Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. dollar həcmində kredit xəttini təsdiqləyib.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

.