
Avropa İttifaqı (Aİ) Ukraynaya mümkün qoşun yeridilməsini Avropa ordusunun yaradılmasının başlanğıcı adlandırıb.
Bunu "Funke" media qrupuna müsahibəsində Avropa Xalq Partiyasının və onun Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber deyib.
Veber bildirib ki, Ukraynada sülhün təmin edilməsi NATO daxilində Avropa ordusunun yaradılması üçün başlanğıc nöqtəsi ola bilər.
Partiya rəsmisi Almaniyanın gələcək kabinetini ABŞ-dən daha az silah almağa çağırıb.
"Almaniya hökumətinin hərbi tədarük fondlarının demək olar ki, 80 %-i Amerika məhsullarına xərclənib. Bundan sonra avropalı vergi ödəyicilərinin pulları məhsul alınmasına və iş yerlərinin yaradılmasına yönəldilməlidir", - siyasətçi bildirib.
Konkret olaraq, Veber Aİ-ni vahid raketdən müdafiə sistemi yaratmağa, peyk nəzarətini birgə həyata keçirməyə və kibertəhlükəsizliyi təmin etməyə çağırıb:
"Avropa bir daha heç vaxt özünün təhlükəsizliyinin və rifahının Ağ Evdə kimin oturduğundan asılı olduğu vəziyyətə düşməməlidir. Biz indi müdafiə məsələlərində Avropa təhlükəsizlik arxitekturasını qurmalıyıq. 2030-cu ilə qədər Aİ özünü müdafiə edə biləcək qədər güclü olmalıdır".
.