Avropa İttifaqının (Aİ) tərəfdaş ölkələrdə vaksinasiyanı dəstəkləmək səyləri çərçivəsində Avropa Komissiyası bu gün "Şərq Tərəfdaşlığı" ölkələrinə təhlükəsiz və təsirli COVID-19 peyvəndlərinin çatdırılması və vaksinasiya kampaniyasının sürətləndirilməsi üçün 35 milyon avro dəyərində maliyyə dəstəyi ayırıb.
Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu yeni yardım paketi ilə Aİ qlobal peyvənd çatışmazlığı fonunda "Şərq Tərəfdaşlığı" regionunda peyvəndləri əldə etməni əhəmiyyətli dərəcədə artırmaq, Aİ-yə üzv dövlətlər tərəfindən peyvənd paylaşımını asanlaşdırmaq və xərcləri ödəmək məqsədi güdür.
Bu maliyyə dəstəyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ortaq olaraq əhalinin təhlükəsiz və təsirli peyvənd edilməsinə hazırlıq və yerli hazırlığı dərhal gücləndirmək üçün fevral ayında başlayan 40 milyon avroluq ilk dəstək paketinə əlavədir.
Aİ-nin dəstəyi vaksinasiya kampaniyasında iştirak edən tibb işçilərinin təlimini, peyvəndlərin və tədarüklərin çatdırılması və paylanması üçün əsas logistika dəstəyi, peyvənd məlumatları və təhlükəsizlik monitorinqi, habelə rəqəmsal COVID sertifikatını əhatə edir.
"Dağıdıcı COVID-19 pandemiyası insanların səhiyyə sistemlərinin və dünya çapında bütün iqtisadiyyatların üzərinə indiyə qədər yaşanmamış bir yük, gərginlik qoyub. "Şərq Tərəfdaşlığı" ölkələri də təəssüf ki, bu mənada istisna deyil. Pandemiyanı sonlandırmaq və regionun sosial-iqtisadi bərpasına başlamaq üçün həlledici olan peyvəndləmə prosesini sürətləndirmək üçün Aİ Şərq qonşularına dəstək verməyə qərarlıdır. Biz tərəfdaşlarımızın qayğısına qalırıq", - deyə Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi bu yardımla bağlı bildirib.
.
