Avropa İttifaqı (Aİ) Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini davam etdirəcəyi bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı Aİ Şurasının Prezidenti Şarl Mişelin şəxsi səyləri, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar və Aİ-nin digər mexanizmlərinin iştirakı da daxil olmaqla, hər iki tərəfin istəyinə cavab verərək öz fəaliyyətini davam etdirəcək. Eyni zamanda, qalan bütün məsələlərin hərtərəfli və ədalətli həlli istiqamətində tərəflərə dəstək olmağa davam edəcək.

“Bu həftə Dağlıq Qarabağ münaqişəsi zonasında 44 günlük müharibənin başa çatmasının ikinci ili tamam olur. Bu münasibətlə Aİ son 30 ildə münaqişənin bütün azərbaycanlı və erməni qurbanlarını yad edir. Bu çətin irsi tam dərk edərək, hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə, daha çox insan itkisi və zərərlərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırırıq. Aİ Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır. Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda dayanıqlı iştirakını yüksək qiymətləndirir. Bu danışıqların çətin olduğu və vaxt tələb edəcəyi aydın olsa da, anı itirməmək, irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək və regionda bütün əhalinin rifahı üçün təhlükəsiz və firavan mühiti təmin etmək çox vacibdir. Hələ də kövrək bir mühitdə, son 30 ilin yaralarının sağalmaqdan çox uzağa getdiyi bir şəraitdə Aİ tərəfləri ritorikalarını mülayimləşdirməyə və bir-birlərinə qarşı təhdid və iddialardan çəkinməklə, gərginliyin hər hansı lüzumsuz artmasının qarşısını almağa çağırır”, - Aİ-nin Ali Nümayəndəsinin sözçüsünün adından yayılmış bəyanatda deyilir.

.