Litva, Rumıniya və Avstriya xarici işlər nazirlərinin iyun ayında Cənubi Qafqaz regionuna səfərinin yekunu ilə bağlı hesabat Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bu gün keçirilən iclasında müzakirə olunacaq.

Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iclasdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Biz may ayında Lissabonda keçirilən görüşümüzdə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrində mövcud olan uzadılmış münaqişələrin həlli istiqamətində necə aktiv ola biləcəyini müzakirə etmişdik. Bu görüşün nəticələrindən biri də təşkilatın meydanda daha aktiv olmasını Aİ-yə üzv ölkələrin XİN başçılarının səfərləri vasitəsilə reallaşdırmaq təklifi idi. Mənim də qatıldığım üç XİN başçısının iştirak etdiyi Cənubi Qafqaz ölkələrinə səfər bir ilk idi. Biz bu ölkələrin rəhbərlikləri ilə görüşdük və Aİ-nin uzadılmış münaqişələrinin həlli istiqamətində daha aktiv iştirak etməsinə dair qətiyyəti barədə, eyni zamanda, bu ölkələrin stabilliyinə və təhlükəsizliyinə dəstəyimizlə bağlı mesajı çatdırdıq. Cənubi Qafqaz ölkələri və Aİ-nin daha çox bir-birinə necə yaxınlaşa biləcəyini müzakirə etdik. Bundan başqa, bu ilin dekabrında keçiriləcək “Şərq Tərəfdaşlığı”nın sammitinə hazırlıq məsələləri müzakirə olundu. Ümumilikdə səfərimiz bu ölkələrin liderləri tərəfindən xoş qarşılandı. Səfər sonrası müəyyən fikirlər, ideyalar var. Bu gün mən və mənimlə səfər edən həmkarlarım bu ideyaları Aİ-nin Xarici İşlər Şurasına və Aİ-nin Ali Nümayəndəsinə təqdim edəcəyik”, - deyə XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, üç ölkə arasında regional əməkdaşlıq platformasının yaradılmasına Aİ-nin dəstək verməsi və təşkilatın bu platformada vasitəçilik və iştirakı ilə bağlı ideya var: “Həmçinin, Azərbaycan və Ermənistan arasında etimad yaradan tədbirlərə dəstəyin verilməsi istiqamətində konkret təkliflərimiz var. Üç ölkə arasında əməkdaşlıq mexanizminin yaradılması və “Şərq Tərəfdaşlığı” siyasətinin təhlükəsizlik aspektinin müzakirə olunması üçün bu ölkələrin XİN başçılarının payızda Aİ-nin Xarici İşlər Şurasının iclasına dəvət olunması təklifi də var. Qeyd edim ki, regiona səfərimiz çərçivəsində keçirdiyimiz görüşlərdə təhlükəsizlik məsələsi müzakirə olunan əsas məsələ idi”.

.