İki ay öncə ARDNŞ prezidenti Rövnəq Abdullayevin Aİ-95 markalı benzinin ölkədə istehsalının dayandırılması və idxal edilməsi ilə bağlı fikirləri ictimaiyyətə açıqlananda ekspertlər bunun qiymət artımına zəmin yaradacağından narahatlıq bildirmişdilər.
Nəzərə çatdıraq ki, Nazirlər Kabineti 31 mart, 2014-cü il qərarı ilə qiymətləri tənzimlənən malların siyahısına dəyişiklik edib. Dəyişikliyə görə, ölkəyə gətirilən, ekoloji norması Avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin qiymətini bazar müəyyən edəcək. Yəni martın 27-dən sonra bunların qiymətini Tarif Şurası tənzimləməyəcək. Necə ki Aİ-98 markalı benzinin timsalında bunu görürdük.

Bəs indi nə baş verəcək?

İqtisadçı-ekspert Samir Əliyev "Media forum” saytına deyib ki, bazarda iki cür Aİ-95 markalı benzin satılacaq: "Bir tərəfdən ölkədə istehsal olunan, digər tərəfdən idxal olunan. İdxal edilən benzinin qiyməti sərbəst olduğundan onun bahalaşması da mümkündür. Güman ki, ssenari belə olacaq. Bir müddət sonra ARDNŞ Aİ-95 markalı benzinin istehsalını dayandıracaq və bazarda ancaq idxal olunan Aİ-95 benzin qalacaq. Bundan sonra Tarif Şurası işini bitmiş hesab edəcək və qiyməti artıq bazar müəyyənləşdirəcək.
Düzdür, hökumət qiymət artımını minimuma endirmək üçün vergi güzəştləri tətbiq edib: idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələrini isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirib. Ancaq bütün bunlar benzinin bahalaşmayacağına zəmanət vermir. Aİ-95 markalı benzin dünya bazarlarında neftin qiymətindən və bu benzini emal edən zavodun qiymət siyasətindən birbaşa asılı olacaq”.
Ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10 faizdir. Ancaq ölkəyə gətirilən yeni avtomobillərin sayəsində Aİ-95 markalı benzinə tələbatın artması müşahidə ediləcək.
.