Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.

Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisioner, mebel, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatı, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.

Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başladı 

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanası, yemək­xana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

.