Hazırkı ABŞ prezident Donald Trampın tərəfdarlarının Kapitoliya binasına hücumundan sonra Ağ Evin bir neçə rəsmisi istefa verib.

“Business Insider” verdiyi xəbərə görə, Ağ Evdə çalışan 4 yüksək səviyyəli rəsmi artıq istefa verdiyini bildirib.

Bunlar Ağ Evin mətbuat katibinin müavini Sara Metyus, ölkənin birinci xanımı Melania Trampın komandasının rəhbəri Stefani Qrişam, Ağ Evin sosial məsələlər üzrə katibi Riki Niketa və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Metyu Pottingerdir.

“Konqresdə çalışmış biri kimi bu gün gördüklərim məni çox narahat etdi. Xalqımız hakimiyyətin sülh yolu ilə keçidini istəyir”, - deyə Ağ Evin mətbuat katibinin müavini bildirib.

S. Qrişam isə istefasının son hadisələrlə bağlı olub-olmaması barədə şərh verməyib.

“Xanım Trampın hər yerdə uşaqlara kömək etmək missiyasında olduğum üçün və bu administrasiyanın bir çox uğurlarından qürur duyuram”, - deyə o, istefa müraciətində bildirib.

Milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini M. Pottinger isə son baş verənlərdən çox kədərləndiyini deyib.

CNN-in məlumatına görə, Prezident D. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O Braynın da istefa verəcəyi gözlənilir. 

.