
Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə AFFA tədbir görəcək.
Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:
"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".
Fernandu Santuş: Axı nəyə görə istefa verməliyəm?
Azərbaycan millisi ilə müqavilə müddətim davam edir.
Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Mütəxəssis İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futboçulara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi. Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?"
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
.