Dubaydan Moskvaya uçan təyyarədə Azərbaycan vətəndaşı dava-dalaş salıb, nəticədə təyyarə İrəvan aerportuna məcburi eniş etməli olub.
Bu gecə baş vermiş insident haqda "RİA Novosti” agentliyinə təyyarənin sərnişinləri məlumat veriblər. Bildirildiyinə görə Rusiyanın "Aeroflot” şirkətinə məxsus təyyarə Dubaydan havaya qalxandan sonra sərnişinlərdən biri söyüş söyməyə, hündürdən danışmağa başlayıb. "Reys Keniya reysi ilə qarışıq idi, təyyarə tam dolmuşdu, çoxlu uşaq, xaricilər var idi. 30-35 yaşlarında gənc uşaqlara sataşmağa, qışqırmağa başladı” deyə şahidlər bildirir.
Təyyarədə ancaq stüardessa qızlar olduğundan sərxoş sərnişini sakitləşdirmək üçün kişi sərnişinlərin köməyindən istifadə olunub. Bir neçə sərnişin çətinliklə də olsa dava salan azərbaycanlının əl-qolunu bura və oturacağa bağlaya biliblər. "Altı sərnişin onu güclə oturacağa bağladı, stüardessalar onu bağlamaq üçün kəmər, "skoç” gətirdilər. Təyyarənin quyruq hissəsindəki oturacaqlardan birinə möhkəm bağladılar” deyə şahidlərdən biri bildirib.
Bakı vaxtı ilə səhər saat 7 radələrində təyyarə həmin sərnişin üzündən İrəvana təcili eniş etməli olub. "Orada 2 saat yarım dayandıq, pilotlar həmin şəxsi yerli polisə təhvil vermək istəyirdilər. Lakin Azərbaycan vətəndaşı olduğundan polislər onu qəbul etmədilər, ancaq əllərini qandalladılar. Aeroporta çağrılan təcili yardım həkimləri isə ona sakitləşdirici iynə vurdular, bir müddət sonra o, yuxuya getdi. Beləliklə, təyyarə həmin şəxslə birlikdə Moskvaya uçdu” deyə mənbə bildirib.
Təyyarə Moskvaya 3 saat gecikmə ilə çatıb, dava salan azərbaycanlı xuliqanı polisə təhvil veriblər. Onun barəsində cinayət işinin qaldırılacağı gözlənilir. Hələlik təyyarədə dava salan azərbaycanlının kimliyi açıqlanmayıb.
.
