Bioloji qida əlavələrinin reseptə yazılması qanunla qadağandır.
Bunu açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib. O bildirilib ki, həkim qida əlavələrini reseptə yaza bilməz, yalnız tövsiyə xarakterli başqa bir vərəqdə yazıb pasiyentə verə bilər. O həmçinin qeyd edib ki, bu cür halların qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzi tərəfindən mütəmadi olaraq planlı və plansız yoxlamalar aparılır:
"Planlı yoxlamalar ilin əvvəlindən müəyyənləşdirilir, plansız yoxlamalar isə vətəndaş şikayətləri və müraciətləri əsasında aparılır. Bu zaman qanuna zidd hall aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsi ilə müvafiq protokol tərtib edilir, cərimə yazılır".
O deyib ki, yeni qəbul olunan qanun layihəsinə verilən təkliflər içərisində qaydalar var ki, bu cür halların qarşısının alınmasında rol oynayacaq.
"Belə ki, həkimlərin reseptləri elektron qaydada yazması nəzərdə tutulub. Bu halda isə resept sistemə daxil ediləcəyinə görə, həkim istəsə də bioloji qida əlavələrini reseptə yaza bilməyəcək. Digər məqam isə qida əlavələrinin apteklərdə yerləşdirilməsi ilə bağlı məqamdır. Belə ki, apteklərdə bioloji qida əlavələri dərman vasitələrindən ayrı rəflərdə yerləşdiriləcək və dərman vasitəsi olmadığına xəbərdaredici xarakterli yazı olacaq. Bununla da aptekdən dərman alan vətəndaş həkimin ona yazdığı preparatın bioloji qida əlavəsi olub-olmadığını daha rahat aydınlaşdırmış olacaq. Düzdür, onsuz da daha əvvəldən bioloji qida əlavələrinin içlik vərəqələrində dərman vasitəsi olmadığı yazılırdı. Lakin müəyyən diqqətsizlik və s. hallarda vətəndaşlar bunu dəqiqləşdirməkdə çətinlik çəkə bilirdilər. Ona görə qanun layihəsi hazırlananda bioloji qida əlavələrinin apteklərdə dərman vasitələrindən ayrı rəflərdə yerləşdirilməsinə dair təklif verdik", - deyə o qeyd edib.
.