"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə iştirak edib.
ADY-dən verilən məlumata görə, panel müzakirələrində çıxış edən Rövşən Rüstəmov ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə toxunub. Bildirilib ki, hazırda Azərbaycan dəmir yollarının 63 faizi elektrikləşdirilib. 2023-cü ildə sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
Qeyd olunub ki, rəqəmsal həllərin tətbiqi sayəsində Çindən Orta Dəhlizlə Avropaya və əks istiqamətə yüklər daha sürətlə daşınır. Belə ki, dəniz marşrutları ilə müqayisədə Orta Dəhlizlə yüklər 3 dəfə daha sürətlə çatdırılır.
ADY sədri Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşmə nəticəsində bu ilin mayından tam gücü ilə işlədiyini və buraxılış gücünün illik 5 milyon tonadək artdığını bildirib
.