Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar olaraq universitetin xanım əməkdaş və tələbələrinə həsr olunmuş bayram konserti keçirilib. Qadınlara ərmağan edilən bu bayram hədiyyəsi ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub. Bayram şənliyini universitetin "Gənclik" Mahnı və rəqs ansamblının rəngarəng çıxışları və eləcə də tələbələrin sola ifaları bəzəyib. Akt zalında xanımların iştirakı ilə düzənlənən şənliyə universitetin rəhbər heyəti də qatılıb. Konserti giriş sözü ilə açan rektor Mustafa Babanlı xanım əməkdaş və tələbələrin statistik göstəricisinə nəzər salıb. Rektor bakalavr, magistor, doktorantura səviyyəsində təhsil alan 8300 tələbənin 2000-dən çoxunun xanım olduğunu, eləcə də universitetdə çalışan əməkdaşlar arasında qadınların üstünlük təşkil etdiyini bildirərək, bu göstəricini sevindirici hal kimi qeyd edib. "Azərbaycan qadınları dünyanın ən gözəl qadınlarıdır”- deyə, Mustafa Babanlı hər bir tələbəni və əməkdaşı 8 mart qadınlar bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi arzu arzulayıb.
Əziz xanımlar, 8 mart Qadınlar Bayramınız mübarək!
