Birləşmiş Ştatlar Türkiyə və İranla münasibətləri olan digər müttəfiqlərini Tehranı Yaxın Şərqdəki gərginliyi azaltmağa inandırmağa çağırır.
Yenizaman “Reuters“-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk bildirib.
Səfir bu açıqlamanı HAMAS və “Hizbullah”ın yüksək vəzifəli şəxslərinin öldürülməsindən sonra İran və müttəfiqlərinin regionda mümkün hücumlara hazırlaşması fonunda verib.
“Biz İranla hər hansı səviyyədə münasibətləri olan bütün müttəfiqlərimizdən, o cümlədən Türkiyədən onları gərginliyi azaltmağa inandırmağı xahiş edirik”, - deyə Türkiyədə səlahiyyət müddətini başa vuran diplomat jurnalistlərlə dəyirmi masada bildirib.
Səfir ABŞ-Türkiyə münasibətlərinin əvvəlki vaxtlara nisbətən hazırda yaxşı səviyyədə olduğunu da qeyd edib.
Fleyk “Soyuq müharibə”dən sonra ilk dəfə bu il avqustun əvvəllərində Ankarada ABŞ və Rusiya arasında böyük əsir mübadiləsinin baş tutmasında Türkiyənin faydalı rolunu vurğulayıb.
.