ABŞ Tayvanın şərqinə biri təyyarədaşıyan olmaqla 4 hərbi gəmi yerləşdirib.

Bu barədə “Reuters“ə ABŞ hərbi dəniz donanmasının anonim rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ hərbi dəniz donanması Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri öncəsi atılan bu addımı sıradan yerləşdirmə kimi izah edib.

Məlumata görə, Ronald Reyqan təyyarədaşıyan gəmisi Cənubi Çin dənizinə göndərilib və hazırda Tayvanın şərqində, Filippin dənizindədir. Gəminin idarəolunan raketlər daşıyan “USS Antietam” və “USS Higgins” gəmiləri ilə birgə fəaliyyət göstərdiyi bildirilib.

Anonim rəsmi gəmilərin dəqiq lokasiyalarını açıqlamayıb. Lakin “USS Tripoli” amfibiya hücumu gəmisinin də həmin bölgədə olduğunu bildirib.

Qeyd edək ki, Nensi Pelosinin Taybeyə ABŞ-Çin gərginliyi fonunda bu gün səfər etməsi gözlənilir.

.