Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması məsələsilə bağlı dinləmələr keçiriləcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
"Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” adlanan dinləmələrə senatorlar Mark Kirk və Kris Kuns, həmçinin bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları təşəbbüs göstəriblər.
Qarşıdakı müzakirələr Azərbaycanda hazırki siyasi atmosferin qiymətləndirilməsinə və aşağıdakı sualların cavablandırılmasına yönəlib: Gələcək demokratiya baxımından 1 noyabr parlament seçkiləri hansı əhəmiyyəti daşıyır? Hansı insan haqları pozuntuları baş verib? Azərbaycanın demokratik dəyərlərdən uzaqlaşması onun ABŞ ilə tərəfdaşlığına necə təsir göstərir? Azərbaycanda insan hüquqlarını necə qorumaq və ölkələr arasında ləyaqətli tərəfdaşlığı necə saxlamaq olar?
Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy, Freedom House nümayəndəsi Tamara Grigoryeva da var.
Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olacaq.
.