ABŞ səfirliyi Azərbaycanda "ərəb baharı” kimi rəngli inqilabların həyata keçirilməsi üçün gənc fəalların Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən ələ alınması barədə fikirləri təkzib edib.
Bu fikirləri Azərbaycan Baş Prokurorluğunun müstəntiqləri NİDA hərəkatının həbsdə olan fəallarını dindirərkən söyləyiblər.
İş üzrə müttəhimlərdən biri - İlkin Rüstəmzadə dünənki məhkəmə iclasında bildirib ki, müstəntiq ona, digər müttəhim Rəşad Həsənovun MKİ-nin iki polkovniki ilə görüşdüyünü və sonuncuların onu təlimatlandırdıqlarını deyib. Müstəntiqin sözlərinə görə, Rəşad satqındır, onu müdafiə etmək yox, əksinə ifşa etmək lazımdır.
Müttəhimlər ABŞ hakimiyyəti ilə hər hansı əlaqələrinin olduğunu və rəngli inqilab hazırladıqlarını qəti şəkildə təkzib ediblər.
Yenizaman.az-ın məlumatına görə, "Turan”-ın xahişi ilə ABŞ səfirliyinin mətbuat xidmətindən bu cür ittihamları şərh edərkən bildiriblər ki, ABŞ-ın hökumət nümayəndələrinin Azərbaycanda inqilaba təşəbbüs göstərmək istəməsi barədə istənilən ittihamlar absurddur. "Bu cür ittihamları yayanlar Azərbaycanın öz strateji tərəfdaşlarından biri ilə münasibətlərinə ziyan vururlar”, - mətbuat xidmətinin cavabında bildirilib.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstardır.
.