
ABŞ senatorlarının Azərbaycan prezidenti İlham Əliyevə göndərdikləri məktub özü hər şeyi deyir.
Bunu virtualaz.org saytına 16 amerikalı senatorun Azərbaycanın dövlət başçısına göndərdikləri məktubu şərh edərkən ABŞ-ın Bakıdakı səfirliyindən deyiblər.
Qeyd edək ki, həmin məktubda senatorlar Azərbaycandakı vətəndaş cəmiyyətinin və söz azadlığının mövcud durumundan narahatlıqlarını ifadə etmişdilər.
Səfirlikdən vurğulayıblar: "Qeyd etməyə dəyər ki, senatorların məktubda toxunduqları məsələlərlə bağlı ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri də narahatlıqlarını bildiriblər. Biz ümid edirik ki, Azərbaycan hökuməti bu narahatlığı sizin ölkənizin uğur qazanması, stabilliyi və çiçəklənməsi üçün möhkəm dostluq dəstəyi kimi qəbul edəcək”.
Bir daha xatırladaq ki, məktub müəllifləri "Azadlıq” radiosunun və ATƏT-in Bakı ofislərinin bağlanmasından, eləcə də hüquq müdafiəçilərinin həbsindən narazılıqlarını bildirmiş, bunları söz azadlığının boğulması kimi qiymətləndirmişdilər.
Amerikalı senatorlar həmçinin Azərbaycan hakimiyyətini həbsdəki jurnalistləri, fəalları və vətəndaş cəmiyyəti liderlərini azadlığa buraxmağa, müxalif KİV-lər üçün daha dözümlü mühit yaratmağa, vətəndaş cəmiyyətinin nümayəndələrinə təzyiqlərə son qoymağa və bununla ABŞ-Azərbaycan münasibətlərinin güclənməsi yolunda mühüm maneəni aradan qaldırmağa çağırmışdılar.
.