
Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onların üzərində işləyir.
Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
“Nəhayət detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək düşünməmişik”, – deyə o qeyd edib.
“Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır”, – Vens əlavə edib.
Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü Ukraynadakı münaqişənin sülh yolu ilə həllində mövcud çıxılmaz vəziyyətin aradan qaldırılmasına kömək edə bilər.
Bu fikri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
“Hər bir məsələdə razılıq tapmaq mütləq deyil. Bəzən liderlər üzbəüz oturaraq, komandalarının çıxa bilmədiyi çıxılmaz vəziyyəti aşa bilirlər”, – deyə Vens bildirib.
Vitse-prezident güman edir ki, Ukrayna ilə bağlı sülhün əsas detalları, o cümlədən təhlükəsizlik zəmanətləri və ərazi məsələləri, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşündən əvvəl ümumi şəkildə razılaşdırılacaq.
Vensin sözlərinə görə, Ukraynadakı münaqişənin necə nəticələnəcəyini heç kim dəqiq deyə bilməz, lakin o, son aylar danışıqlarda misilsiz irəliləyiş əldə olunduğunu vurğulayıb.
Ukrayna münaqişəsi Avropa və Asiyanın iqtisadiyyatını tam dəyişib
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynada davam edən münaqişə Avropanın və Asiyanın böyük bir hissəsinin iqtisadiyyatını tamamilə dəyişib.
Bu fikri Vens "Fox News" telekanalına müsahibəsində səsləndirib.
“Ukraynadakı münaqişə Avropanın və Asiyanın böyük hissəsinin iqtisadiyyatını köklü şəkildə dəyişib. Biz sadəcə olaraq sülhə qayıtmalıyıq”, – deyə Vens vurğulayıb.
O, baş verənləri “Co Baydenin müharibəsi” adlandırıb.
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib
ABŞ-ın Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Vaşinqtonun NATO-dakı müttəfiqlərini məlumatlandırıb ki, Amerika tərəfi Ukraynanın təhlükəsizliyinə dair hər hansı zəmanətlərin təmin edilməsində minimal rol oynayacaq.
Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, “Avropanın Ukraynada dayanıqlı sülhün təmin edilməsində yükü öz üzərinə götürməli olacağını göstərən ən açıq siqnallardan biri” olub.
Məqalədə deyilir ki, Kolbi Vaşinqtonun bu mövqeyini NATO-ya daxil olan digər ölkələrin hərbi rəhbərləri ilə məsləhətləşmələr zamanı açıqlayıb.