
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində texniki qrupların nümayəndələri Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün ərazilərin mübadiləsi imkanlarını müzakirə edirlər.
Bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker CNN telekanalına müsahibəsində deyib.
"Texniki qrupların nümayəndələri danışıqlar aparır. Bu, yaxşı xəbərdir. Çünki onlar torpaq mübadiləsinin olub-olmayacağına və hansı torpağın dəyişdirilə biləcəyinə qərar verəcəklər", - o deyib. Uiteker qeyd edib ki, müharibənin bitməsi üçün hər iki tərəf hərbi əməliyyatları dayandırmağa razı olmalıdır.
Daimi nümayəndə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də toxunaraq, bununla bağlı Rusiyanın qərar vermədiyini bildirib: "NATO-ya üzvlük məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, son nəticədə qərar verən NATO-nun 32 üzvüdür".
O əlavə edib ki, Alyansın bütün üzvləri yekdilliklə Ukraynanın daxil olmasını dəstəkləməlidir. Bu, baş verərsə, Ukraynanın təşkilata yolu bir çox mərhələdən ibarət olacaq.
.