
Məşhur amerikalı investor Uoppen Baffet bildirib ki, ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək və qalib gələcək.
Yenizaman.az İTAR-TASS-a istinadən bildirir ki, Uoppen Baffet bu fikrini Kaliforniyada "Fortuna” jurnalının təşkil etdiyi ən nüfuzlu qadınların forumunda deyib: "Hillari qalib gələcək. Mən bunun üçün pul da qoyaram. Mən isə belə şeyləri heç vaxt elə-belə eləmirəm”.
Baffet hesab edir ki, Klinton rəsmən namizədliyini mümkün qədər gec irəli sürəcək. Amma Amerikanın bir çox siyasətçiləri bu fikirdədirlər ki, əslində o, seçki kampaniyasına çoxdan başlayıb.
O da maraqlıdır ki, Uoppen Baffet Hillari Klintonun rəqibinin kim olacağı barədə mülahizələr irəli sürmək istəmir. Ancaq şübhə etmir ki, bu fikrə düşənlər kifayət qədər çox olacaq.
Xatırladaq ki, Uoppen Baffet nəinki ABŞ-ın, hətta dünyanın ən varlı adamlarından biridir. Hazırda onun təxminən 67 milyard dollarlıq sərvətə malik olduğu bildirilir.
.