Uzun illər Azərbaycanda işləyən ən böyük xarici neft servis şirkəti, deyəsən, burda işini başa çatdırır.
Söhbət McDermott-un törəməsi McDermott Caspian Contractors Inc şirkətindən gedir.
"Turan"-ın məlumatına görə, mayın sonunda şirkət Azərbaycanda son sifarişi başa çatdırıb. O, ВР şirkəti üçün Chirag Oil Project-də (sualtı boru kəməri tikintisi) iş icra edib. Bu layihə icra edilərkən McDermott Caspian Contractors Inc-in ümumi ştatı 500 nəfərdən çox olub.
İyundan əməkdaşlar işdən çıxarılır və hazırda bir neçə ofis işçisi qalıb. Bu onunla bağlıdır ki, şirkət yaxın gələcəkdə Azərbaycanda layihə gözləmir. Baş ofisdən Bakıdakı şirkətin bağlanması barədə tapşırıq yoxdur. Ehtimal ki, Bakı ofisi bağlanmayacaq, çünki o, regionaldır.
McDermott Bakıya 1994-cü ildə ilk neft sazişi bağlanandan əvvəl gəlib. İlk ofisi Əl Oyunları Sarayında olub. Şirkət BP-nin platformalarının baş podratçısı olub. Bundan başqa, sualtı boru kəmərləri də tikib.
2010-cu ildə Amerika şirkəti COP layihəsi ala bilməyib. Bu dəfə platforma tikintisi AzFen-Tekfen-Amec (ATA) alyansına nəsib olub. O vaxt Amerika şirkəti anlayıb ki, daha bu şəraitdə işləyə bilməz. "Turan"-ın ARDNŞ-dəki mənbəyi bildirib ki, McDermott bu illər ARDNŞ-in istehsal güclərindən (H.Əliyev adına DÖZ, Bibiheybətdə istehsal müəssisələri) əvəzsiz istifadə edib, layihəyə ARDNŞ-in ən yaxşı mütəxəssislərini cəlb edib (transfert müqaviləsi olmadan). Bu əməkdaşlıqdan ARDNŞ-in real kommersiya faydası olmayıb. "Son illər xarici şirkətlərin milliləşdirilməsi (menecment və texniki heyətdə daha çox yerli kadr, ARDNŞ və başqa yerli şirkətlərlə birgə müəssisələrin yaradılması) göstərir ki, Azərbaycanda yerli şirkətlərlə inteqrasiya olunan şirkətlər uğur qazanacaq”, - deyə saytın müsahibi bildirib.
.
