Respublikaçılar partiyası ilə Demokratlar partiyası büdcə məsələlərində anlaşmadıqları üçün ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

Yenizaman.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, ABŞ Konqresi Bakı vaxtı ilə saat 09:00-da 2018-ci il büdcəsini qəbul edə bilmədiyini bildirib. Nəticədə ABŞ federal nazirlikləri və qurumları öz işlərini dayandırmağa məcbur olublar.

Qeyd edək ki, büdcə anlaşmazlığına ABŞ-a uşaq yaşlarında köçən insanların qorunmasını təmin edən DACA adlı proqramın səbəb olduğu bildirilir.

Xatırladaq ki, ABŞ hökuməti fəaliyyətini son dəfə 2013-cü ildə dayandırıb. O zaman razılaşma 16 gün sonra əldə olunub.

"Report"un analitik qrupu bildirir ki, ABŞ hökumətinin fəaliyyətini dayandırması dolların məzənnəsinə qısamüddətli də olsa, mənfi təsir edəcək. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin önümüzdəki həftə 1,24 səviyyəsinə qədər yüksələcəyi istisna edilmir.
.