ABŞ Dövlət Departamenti Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə baş tutan üçtərəfli görüş barədə məlumat yayıb.
"Qafqazinfo” xəbər verir ki, dövlət katibi bu yaxınlarda cəbhənin təmas xəttindəki gərginliklə bağlı narahatlığını ifadə edib:
"Birləşmiş Ştatlar hesab edir ki, hərbi əməliyyatların dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması hər iki ölkənin xalqlarına sülh və inkişaf gətirəcək və Cənubi Qafqazda stabilliyə təsir göstərəcək. Bu məqsədlə dövlət katibi Con Kerri prezidentləri atəşkəsin qorunmasına ciddi nəzarət etməyə və öz cəmiyyətlərini sülhə hazırlamaq üçün müvafiq addımlar atmağa çağırıb”.
Məlumatda daha sonra qeyd olunur ki, Con Kerri prezidentləri tərəflərə sülhə və uzunmüddətli razılığa nail olmaqda yardım etməyə hazır olan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə səsləyib.
Bundan əlavə cümə axşamı ABŞ dövlət katibi Con Kerrinin prezidentlər İlham Əliyev və Cerj Sarkisyanla görüşünün yekunları ilə bağlı Dövlət Departamenti bəyanat yayıb. Bəyanatda deyilir:
"Dövlət katibi Kerri bu yaxınlarda təmas xəttində baş verən və 1994-cü ildən bu yana atəşkəs rejimi ərzində ən qanlı hesab edilən toqquşma ilə bağlı ciddi narahatlığını bildirib.
Vaşinqton inanır ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb.
ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb.
Kerri həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb”.
