2014-cü ildə Əfqanıstanda xaşxaş istehsalı ötən illə müqayisədə 7 faiz artıb. İnfoAZ.org xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian” qəzeti yazıb. Qəzetin yazdığına görə, tiryək narkotik maddəsinin istehsalında 17 faizlik artım olub, yəni istehsal 6400 tona çatıb. Bununla da ötən il qeydə alınan 5,5 tonluq Əfqanıstan narkotiki rekordu elə özləri tərəfindən yenilənib.
Eyni zamanda xəbərdə bu il Əfqanıstanda xaşxaş plantasiyalarının ərazisi 209 min hektardan 224 min hektara çatdırılıb. Məqalədə bildirilir ki, narkotik plantasiyalarının 69 faizi Əfqanıstanın cənub, 16 faizi qərb əyalətlərində yerləşir. Narkotik plantasiyalarının sahəsinə görə, Əfqanıstan lideri Gilmənd əyalətidir. Bu əyalət yerləşən plantasiyaların sahəsi ölkə üzrə plantasiyaların 46 faizini təşkil edir. Sonrakı yerləri Qəndahar, Fərah, Nanqahar əyalətləri tutur.
Maraqlıdır ki, narkotik istehsalının artması bazar qiymətlərinə də təsir edib. Qiymətlər 23 faiz aşağı düşərək, 133 dollar olub. Qəzet yazıb ki, Əfqanıstan narkotikindən əldə olunan gəlirləri Taliban hərbi əməliyyatlara xərcləyir.
Yeri gəlmişkən, hesablamalara görə, hazırda dünyada narkotikin 90 faizə yaxını Əfqanıstanda istehsal olunur. İstehsal prosesində 411 min Əfqanıstan vətəndaşı iştirak edir.
Qeyd edək ki, ABŞ-ın koalisiya qüvvələri tərəfindən işğalından sonra bu ölkədə narkotikin istehsalı artıb. Bunun da əsas səbəbi hakimiyyətsizliyin yaranması, yerli qəbilələrin və iş adamlarının vəziyyətdən istifadə edərək narkotik istehsalını artırmağa çalışması ilə izah olunur.
.