ABŞ Dövlət departamenti yanvarın 20-də qüvvəyə minəcək Cenevrə razılaşmasına uyğun olaraq həyata keçiriləcək Birgə Fəaliyyət Planının mahiyyətini açıqlayıb.
APA - nın "Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf mətbuat konfransında bildirib ki, tərəflər arasında razılaşdırılmış planın icrası zamanı İranın nüvə obyektlərinə daha çox baxış keçiriləcək:
"Belə ki, müfəttişlər "Nətənz” və "Fordo” nüvə obyektlərinə gündəlik, Ərak ağır su nüvə reaktoruna isə ayda bir dəfə daxil olacaq”, - deyə o vurğulayıb.
Harfın sözlərinə görə, yanvarın 20-dən etibarən planın icrası ilə AEBA İranın nüvə proqramının hazırkı vəziyyəti, o cümlədən uranın zənginləşdirilməsi və Ərak ağır su nüvə reaktoru ilə bağlı məlumat verəcək: "Eyni zamanda İran uranın 20% zənginləşdirilməsini dayandıracaq. Bundan əlavə, rəsmi Tehran 6 ay müddətində sahib olduğu 196 kq uranın yarısını oksidləşdirəcək, yarısını isə azaldacaq”.
M.Harf deyib ki, ABŞ İranla müzakirələrin çətinliyindən tam xəbərdardır: "Biz bunları 6 ay ərzində həyata keçirməliyik”.
.
