ABŞ Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha çox tədbir görmək imkanı var.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "NBC Today"ə müsahibəsində danışıb.

O, jurnalistin Rusiya Prezidentinin Alyaska görüşündən sonra Ukraynaya hücumları artırması ilə bağlı sualına cavab olaraq qeyd edib ki, Vladimir Putinin məqsədinin Donetski ələ keçirmək olduğunu həmişə biliblər:

"Biz həmişə bilmişik ki, onun niyyətləri Donetski ələ keçirməkdir və o bunu açıq şəkildə bəyan edib. Düşünürəm ki, bizim ümidimiz ondan ibarətdir ki, biz bu münaqişədə iştirak edən hər iki ölkə ilə danışa bilən dünyanın yeganə ölkəsiyik və hər kəs bizi bu rolu oynamağa təşviq edir. Nə vaxtsa bu rol sona çata bilər. Məlum olduğu kimi, Prezident ( Donald Tramp – müəl.) artıq dəfələrlə Putinin, hətta Alyaska görüşündən sonra belə, bu istiqamətdə atdığı addımlardan dərin narazılığını ifadə edib".

M.Rubio onu da diqqətə çatdırıb ki, müəyyən bir mərhələdə ABŞ yeni sanksiyalar tətbiq edə bilər:

"Buna görə də müəyyən bir mərhələdə o, yeni sanksiyalar tətbiq etmək qərarına gələ bilər. Amma düşünürəm ki, Avropanın da sanksiyalar tətbiq etməsi vacibdir. Hazırda Avropada elə ölkələr var ki, hələ də Rusiyadan böyük miqdarda neft və təbii qaz alırlar, bu isə absurddur. Yəni onlar ABŞ-dan daha çox sanksiya tətbiq etməsini istəyirlər, amma Avropada kifayət qədər iş görməyən ölkələr var. Düşünürəm ki, onlar daha çox şey etməlidirlər".

Dövlət katibi ABŞ Prezidentinin daha çox tədbir görmək imkanının olduğunu da vurğulayıb:

"Biz artıq Hindistanla bağlı tədbirlər görmüşük, halbuki bu, düzəltməyi ümid etdiyimiz bir məsələdir. Lakin Prezidentin daha çox şey etmək imkanı da var və o, vəziyyətin aldığı istiqamətə görə bunu etməyi nəzərdən keçirir. Amma unutmayaq ki, bu müharibəni o başlamayıb, onun istədiyi yeganə şey buna son qoymaqdır və o, uğur qazanmaq üçün əlindən gələn hər şeyi edəcək. Əgər biz sanksiyaları və digər addımları sərtləşdirsək, sülh prosesində vasitəçi kimi rolumuz zəifləyəcək və müharibə daha iki il davam edəcək, yüz minlərlə insan da həyatını itirəcək. Ona görə biz bunu önləməyə çalışırıq. Ümid edirik ki, bundan qaça biləcəyik. Amma yekunda bu, bizdən yox, Putindən asılıdır. Əgər o, təklifi qəbul etməməyi qərara alsa, onda, təəssüf ki, biz də lazım olanı etməli olacağıq. Ruslar müharibəni dayandırmalıdır və ukraynalılar da sülh sazişinə razılıq verməlidir. Prezidentin ifadə etdiyi isə bunun onun prioritetlərindən biri olacağı idi və elə də oldu".
 

.