Azərbaycan Qarabağda intensiv döyüşlərə son qoyan 10 Noyabr bəyanatından sonra azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır.

Bu barədə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə qeyd olunub.

Bildirilib ki, bu ərazilərin minalardan təmizlənməsi yenidənqurma səylərinin bir parçası olaraq Azərbaycan hökuməti üçün prioritet olaraq qalır.

Vurğulanıb ki, Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidənqurması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılması nəzərdə tutulub: “Bu vəsaitin yol, elektrik, qaz, su, kommunikasiya infrastrukturuna, təhsil və səhiyyə sektorlarına, həmçinin mədəni və tarixi abidələrin bərpasına istifadə ediləcəyi bildirilir. Hökumət eyni zamanda, bu regionda “yaşıl enerji” layihələri həyata keçirməyi planlaşdırır. Bərpa işlərinin tikinti və əhalinin yenidən məskunlaşdırılması üçün sərf ediləcək xüsusi büdcə ayırmaları ilə qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Yenidənqurma səylərinin bir parçası olaraq bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”.

ABŞ Dövlət Departamenti: Azərbaycanda investisiya mühiti inkişaf edir

Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə belə qeyd olunub.

Bildirilib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.

Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı 4,3% kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6% böyüyüb.

Əlavə olunub ki, iqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7%, qeyri-neft sektoru isə 7,2% böyüyüb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər və iqtisadiyyatdakı ümumi islahatlara lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət"in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması və vergi sistemində reformlar daxildir.

Sənəddə qeyd olunub ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 800.8 milyon manat (471 milyon dollar) ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.

.