Elxan Şahinoğlu: "Həmin plan əgər bu gün müşahidə etdiklərimizdirsə, Avrasiya bölgəsinə inkişaf, sabitlik və tərəqqi yox, dağıntı və qətliamlar gətirir”
Qabil Hüseynli: "Praktika sübut etdi ki, bu bölgədə davakar millətçilik və dini fanatizmə meydan verilməsi ikinci, üçüncü İsrailin yaranmasına, bölgənin qan gölündə boğulmasına gətirib çıxara bilər”
İraq və Suriyada davam edən qanlı savaşlar bəlli siyasi məqsədlərə hesablanıb. İndi bu barədə çoxları danışır. Artıq Qərb mediasında tez-tez İraqın və Suriyanın bölünməsi və əvəzində yeni xırda dövlətlərin yarandığını göstərən xəritələr yayılır. İnternet üzərindən yaradılacaq yeni kürd dövlətinin, İŞİD-in pul vahidlərinin şəkilləri də paylaşılır. Dünya ictimaiyyəti sanki yeni dəyişikliyə hazırlanır.
Bütün bunlar isə bir zamanlar dünya gündəminin əsas mövzularından biri olan ABŞ-ın Böyük Orta Şərq layihəsini yada salır. Xatırladaq ki, məhz 2000-ci illərin əvvəllərində ortaya çıxan bu plan Yaxın Şərqin xəritəsinin dəyişdirilməsini nəzərdə tuturdu. Ancaq kifayət qədər mübahisəli olan və hətta bir sıra hallarda inkar olunan bu layihə Qərbdən Mərakeşin Atlantik sahillərindən başlayaraq Şərqdə Pakistanın şimalındakı əraziləri, şimalda Türkiyənin Qara dəniz sahillərindən cənubda Ədən və Yəmənə qədər uzanan bölgəni əhatə edir. Layihənin məqsədi müsəlman ölkələrində demokratik şərait yaratmaq və azad ticarət bazarları formalaşdırmaqdır. Böyük Yaxın Şərq layihəsi ABŞ-da 2001-ci il sentyabrın 11-də "əl-Qaidə” tərəfindən törədilmiş terror hücumlarının ardınca hazırlanıb. Layihənin Corc Buşun prezidentliyi dövründə (2001-2009-cu illərdə) Vaşinqtonun region siyasətində yer aldığı qeyd olunur.
Bu layihənin qısa məzmunu Amerika tərəfindən Yaxın Şərqin yenidən şəkilləndirilməsi adlandırılır. Böyük Orta Şərq layihəsinin hədəfi müsəlman yaşayan və əsasən Osmanlı İmperiyasının ərazisi olmuş bölgələrə yeni sərhəd cızılmasını nəzərdə tuturdu. Böyük Orta Şərq layihəsi ilk olaraq, 2003-də ABŞ-ın NATO nəzdindəki Daimi Təmsilçisi R.Nikolas Börns tərəfindən Praqada, ABŞ Dövlət Katibi Köməkçisi Mark Grosman, o zamankı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi, sonralar isə dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ifadə olunub. Keçmiş dövlət katibi Kondoliza Rays çıxışların birində əsas hədəfin "Mərakeşdən Çin sərhədlərinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsi” olduğunu deyib.
Bu gün İraq və Suriyada baş verənlər Böyük Orta Şərq layihəsinin davamıdırmı? Bu barədə sualı "Yeni Müsavat”a şərh edən siyasi şərhçi, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, ABŞ tarixən bir çox geosiyasi səhvlərə imza atıb. Bu isə son nəticədə Amerika və bütövlükdə dünya üçün yeni problemlərə səbəb olub: "Vaşinqton 1970-ci illərdə Çilidə solçu Salvador Alyendenin silah yolu ilə devrilməsinə və onun yerinə general Pinoçetin gətirilməsinə hər cür dəstək verdi. Sonra həmin Pinoçet gizli həbsxanalarda 3 mindən çox siyasi rəqibini məhv etdi. İş o yerə çatdı ki, Pinoçetin başkəsənləri Vaşinqtonda siyasi sığınacaq tapmış Alyendenin keçmiş nazirinə qarşı sui-qəsd etdilər. Yəni artıq özlərinin yetişdirdiyi diktator nəzarətdən çıxdı. SSRİ dağıldı, kommunizm təhlükəsi ortadan qaldırıldı və Vaşinqtonun Pinoçeti dəstəkləməsinə ehtiyac qalmadı. Ancaq Pinoçetin polis rejimi Çiliyə və çilililərə artıq dərin yara vurmuşdu. Eləcə də Əfqanıstanı götürək. Vaşinqton SSRİ-ni zəiflətmək üçün Əfqanıstandakı radikal islamçı qruplara xeyli silah verdi, Bin Laden və ”əl-Qaidə"nin formalaşmasına göz yumdu. Sonrası nə oldu? SSRİ Əfqanıstanda məğlub oldu və radikal islamçı qruplar SSRİ-nin dolayısıyla çöküşündə rol oynadılar, ancaq onlar nəzarətdən çıxaraq amerikalıları hədəf aldılar, 11 sentyabrda Nyu-York və Vaşinqtonda 3 min amerikalını öldürdülər, bu gün də amerikalıları öldürməkdə davam edirlər".
Ekspert bu misallardan çıxış edərək ABŞ-ın Orta Doğu Projesinin də mükəmməl olmadığını, dövlətlərin və insanların taleləri ilə hesablaşmadığı qənaətində olduğunu bildirdi. E.Şahinoğlunun sözlərinə görə, ABŞ Yaxın Şərqdə birmənalı oynamır: "Vaşinqton İraq və Şam İslam Ordusunu və onun lideri Bağdadini terrorçu sayır. Ancaq Vaşinqton bu terrorun kökünü kəsmək üçün hansı əməli tədbir görüb və ya görür? Necə oldu ki, İŞİD bir günün içində az qala İraqın yarısını işğal etdi və bu haqda mükəmməl ABŞ kəşfiyyatının, o cümlədən bahalı kosmik cihazların xəbər olmadı? Və ya ABŞ bu illərdə İraq ordusunun formalaşmasına necə yardım etmişdi ki, ilk günlər İŞİD-ə qarşı savaşmağa əsgər və zabit tapılmırdı? Əslində İŞİD-in İslam dini ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. İŞİD bu qədər dinpərəstdirsə, İraqdakı müsəlmanları qətlə yetirməkdənsə, Qəzzadakı müsəlmanların köməyinə getməlidir. Gedərmi? Əsla. Çünki İŞİD ”dini qorumaq və təmizləmək" pərdəsi adı altında geosiyasi sifariş yerinə yetirir".
E.Şahinoğlu deyir ki, son olaylar birmənalı olaraq bölgədə maraqları olan dövlətlərə faydalı oldu: "İŞİD-in İraqa müdaxiləsi kimə xeyir elədi? İraq kürdlərinə. Onlar fürsətdən istifadə edərək torpaqlarını qorumaq adı altında ”Kürdüstan" yaradacaqlarını elan ediblər və çoxları buna etiraz etmir. Vaşinqton da susur. "Kürdüstan”ı ilk tanıyan dövlət hansı olacaq? ABŞ-ın müttəfiqi İsrail. Ona görə də sual olunur: İŞİD kimin maraqlarına xidmət edir - Xilafətin, Səudiyyə Ərəbistanının, Qətərin, yoxsa ABŞ-İsrail tandeminin? Bu suala cavab verməkdə çətinlik çəkirəm.
Çünki hər bir dövlətin özəl marağı var. Biri bölgədə İranın geosiyasi ambisiyalarının azalmasında maraqlıdır, radikal şiəliyə qarşı radikal sünniliyə əsaslanan terroru bəsləyir, biri fürsətdən istifadə edib, "Kürdüstan” yaratmaq istəyir, digəri isə sünnilərlə şiələri üz-üzə qoymaqla, baş kəsən cahillərin kadrlarını yaymaqla İslam dinini gözdən salır. Təəssüf ki, fərqli maraqları olan qüvvələr İŞİD vasitəsilə öz istəklərinin təmininə nail olurlar. Daha anlamırlar ki, ilanın ağı, qarası yoxdur, həmin ilan bir gün onun özünü də sancacaq. İndi bunu nə dərəcədə Orta Doğu Projesi adlandırmaq olar - bunu həmin planı hazırlayanların və icra edənlərin vicdanına buraxmaq lazımdır. Həmin plan əgər bu gün müşahidə etdiklərimizdirsə, Avrasiya bölgəsinə inkişaf, sabitlik və tərəqqi yox, dağıntı və qətliamlar gətirir".
Politoloq Qabil Hüseynli isə Böyük Orta Şərq planını avantüra adlandırır: "Amerikanın bu planı tamamilə iflasa uğrayıb. Bu proje bölgəyə sülh və əmin-amanlıq, ən başlıcası isə demokratik dəyərlər gətirməli idi. Amma əvəzində Amerikanın Yaxın Şərqə müdaxiləsindən sonra bu bölgə qan-qadadan, indiyə qədər görünməmiş məzhəb müharibəsindən qurtula bilməyib. Sanki müsəlman dünyası bir poliqona çevrilib və burada müxtəlif sosial layihələr sınaqdan keçirilir. Əslində isə müsəlman dünyasında daxili kin və ədavətin qızışdırıldığı göz qabağındadır”.
Q.Hüseynlinin fikrincə, Yaxın Şərqin xəritəsinin yenidən cızılması beynəlxalq hüquq normalarına qarşı həqarətdir: "Helsinki Yekun Aktında İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişməməsi məsələsi qərarlaşdırıldı və beynəlxalq hüququn ən ali prinsipinə çevrildi. İndi isə belə deyilərsə, bəlli, güc qruplarına yaxın olan media səhifələrində dövlətlərin sərhədlərin yenidən cızılır, yeni dövlətlərin yaradılması haqqında boşboğazlıq edilir. Və hətta iş o yerə çatır ki, Yaxın Şərqdə 14 yeni dövlətin yarana biləcəyi haqqında sərsəm proqnozlar verilir. Dünən Yaxın Şərqdə bir Fələstin problemi var idi, o zaman bu bölgəni partlamağa hazır olan barıt çəlləyinə bənzədirdilər. İndi isə Fələstin problemindən qat-qat ağır və özündə sivilizasiyaların bölünüb parçalanması və bir-birinə qarşıdurması fəlsəfəsini əks etdirən siyasət işə düşüb. Təxminən bu proseslərin haradan və kimlər tərəfindən idarə edildiyini başa düşmək olur”.
Politoloqun sözlərinə görə, hazırda baş verənlərdən sonra Amerikanın Böyük Orta Şərq layihəsinin baş tutması mümkün görünmür: "Bütün bunlar dünənə qədər mütərəqqi sayıla biləcək dəyərləri də gözdən salır, sivilizasiyalararası bir toqquşma təsəvvürü yaradır. Bütün sağlam düşüncəli adamlar belə avantürist projelərin əleyhinə olmalıdır. Çünki praktika sübut etdi ki, bu bölgədə davakar millətçilik və dini fanatizmə meydan verilməsi ikinci, üçüncü İsrailin yaranmasına, bölgənin qan gölündə boğulmasına gətirib çıxara bilər. Məni təəccübləndirən odur ki, İsrail prezidenti də dünyanın yeni xəritəsinin cızılması prosesinə qatılıb və utanıb çəkinmədən bunu açıq şəkildə bəyan edir”.
.
